Səbziqovurma plovu üçün yumşaq qoyun ətini 35-40 qramlıq tikələrə doğrayıb qazana tökün. Ardınca bu tikələri ocaqda bişirin.
İri qazana su tökün və suyun həcminə görə bir yemək qaşığı duz əlavə edib düyünü qaynadın. Düyünün yapışmaması üçün çox qaynatmamağa diqqət edin. Əlinizlə bişib-bişmədiyini yoxlaya bilərsiniz. Düyü bişdiyi an vaxt itirmədən aşsüzəndə süzün.
Plovun qazmağı üçün əvvəlcədən xəmir hazırlamalısınız. Əgər əvvəlcədən hazırlamaq mümkün deyilsə, hazır lavaşdan da istifadə edə bilərsiniz.
Qazanın dibini kərə yağı ilə yağlayıb lavaşı yerləşdirin və düyünü yavaş-yavaş əlavə edin. Qapağını dəsmala bükdükdən sonra qazanı örtün və dəmə qoyun.
Düyü dəmlənərkən soğanı doğrayıb tavada qızılı rəng olana qədər qızardın. Əvvəlcədən bişirdiyiniz qoyun ətini soğana əlavə edin. Bu qarışığa zəfəran da tökərək xüsusi dad qata bilərsiniz. Doğranmış göyərtini də əlavə etdikdən sonra duz və istiot vurub rəngi dəyişənədək bişirməyə başlayın.
Dəmlənmiş plovun bir hissəsinə də zəfəran vura bilərsiniz.
Süfrəyə təqdim etdiyiniz zaman düyünü boşqaba təpəcik şəklində çəkin və üstünə zəfəranlı düyü tökün. Sonda yanına hazır səbziqovurmanı əlavə edib kərə yağı və darçın da tökə bilərsiniz.