receptheader
108 Yeməklər

Şah plov

Tərkibi:

  • 1 kq “Sultan Basmati” düyüsü;
  • 800 q əridilmiş kərə yağı;
  • 25 ədəd lavaş;
  • 120 q qaysı;
  • 120 q kişmiş;
  • 120 q qurudulmuş alça;
  • 150 q şabalıd;
  • 500 q sümüksüz quzu əti;
  • palçıq turşu;
  • duz və istiot.

Hazırlanması:

Yaxşı bişməsi üçün düyünü əvvəlcə 3 saat müddətində duzlu suda isladın. Daha sonra düyünü yuyun və qaynar suda bişirib süzün. 

Əvvəldən əridilmiş kərə yağını mətbəx fırçası ilə qazanın dibinə sürtün. Eyni zamanda lavaşların da bir üzünü yağlayaraq qazana döşəyin. Süzülmüş düyünün də bir hissəsini lavaşın üzərinə əlavə edin.

Ardınca quzu ətinə duz, istiot və turşu vuraraq düyünün üzərinə düzün. Süzülmüş düyünün bir hissəsini isə quzu ətinin üstünə tökün. Şabalıd, qaysı, quru alça və kişmişi də düzdükdən sonra yerdə qalan düyünü əlavə edin.

Sonra lavaşları düyünün üzərinə örtün və əridilmiş kərə yağını plovun üzərinə əlavə edin. Qazanın qapağını bağladıqdan sonra sobada 200 dərəcə istilikdə 3 saata yaxın bişirin.